Rövşən Almuradlı 1972-76-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 1976-80-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə: Şekspirin «Kral Lir»ində Kral Lir, C.Cabbarlının «Aydın »ında Dövlət bəy, Anarın «Adamın adamı»nda İbiş İbşli və Xoca Zıq-zıq, Ə.Əylislinin «Kür qırağının meşələri»ndə Qasım obrazlarını yaratmışdır. O, 1980-85-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Ə.Əylislinin «Vəzifə» tamaşasının quruluşçu rejissoru olmuşdur. 1985-87-cı ilədək Moskva Satira Teatrında iki illik rejissorluq təcrübəsi keçdikdən sonra Şəki Dövlət Dram teatrında: M.Salimoviçin «Dərviş və ölüm», 1987-ci ildə Sumqayıt Dövlət Teatrında: N.Hikmətin «Bayramın birinci günü», M.Suleymanlının «Dəyirman» əsərlərinin quruluşçu rejissoru olmuşdur.
Rövşən Almuradlı 1988-89-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən: Y.Səmədoğlunun «Qətl günü», V. Sergeyevin «Bağlı qapı arxasında iki nəfər» əsərlərinə quruluş vermişdir.
1989-cu ildə «Azərbaycanfilm» kinostudiyasının «Debüt» studiyasında «Hücum» adlı qısametrajlı bədii filminin quruluşçu rejissoru, 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil «İstiqlal» teatrının bədii rəhbəri olmuşdur. Həmin illərdə o: M.Suleymanlının «Zirzəmi», M.Dostoyevskinin «Şıltaq qız», M.Qoqolun «Dəlinin qeydləri», 1992-ci ildə Gəncə Dövlət Dram teatrında: Anarın «Beş mərtəbəli evin altıncı mərtəbəsi» kimi əsərlərin quruluşçu rejissoru olmuşdur.
1993-cü ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsində rejissor işləmişdir. 1993-95-illərdə «Bəri bax» müstəqil kinostudiyasında tammetrajlı «Yük» bədii filminin quruluşçu rejissoru olmuşdur.
R.Almuradlı AZ TV-nin «Sabah» yaradıcılıq birliyində hazırlanmış: C.Məmmədquluzadənin «Anamın kitabı», N.Hacızadənin «Qayalarda qalan səs», «Yaz yuxusunun işiqi», «Şəkilçi və şəkilçi», Şekspirin «Kleopatra» film-tamaşalarının, 7 seriyalı «Abbas və Gülgəz», «Koroğlu» film-dastanlarının quruluşçu rejissoru, «Bəsdir aglama», 1994-cü ildə «Doğma» kino-povesti əsasında çəkilmiş «Ümud» bədii filminin, «Etnoqrafik etüdlər», «Qobustan», «Qax abidələri», «Padarçöl», «Molla Cümə», «Şıx ocağının işığı», «Qudyalçay» kimi sənədli filmlərin rejissoru, eləcə də 2005-ci ildə Akademik Milli Dram Teatrında: İ.Şıxlının «Ölüləri qəbiristanlıqda basdırın» əsərinin quruluşçu rejissorudur.
Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilmişdir. Hal-hazirda tanınmış istedadlı kinorejissorumuz «Cavad xan» filmi üzərində işləyir
